Xocalı soyqırımı insanlıq tarixinə qara hərflərlə yazılmış bəşər tarixində törədilmiş ən dəhşətli soyqırım aktlarından biridir. Bu soyqırımı erməni quldurları Xankəndində yerləşən 366-cı rus hərbi birləşmələrinin köməkliyi ilə törətmişlər. Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi, 613 nəfər günahsız sakinin qətlə yetirilməsi hər bir soydaşımızın qəlbində sağalmaz yaraya çevrilmişdir. Bu yaraların göynərtisi ancaq Xocalıya qayıtmaqla az da olsa sakitləşə bilər. Xocalı soyqırımının şahidləri nə qədər ki, sağdır, erməni qaniçənlərinin vəhşilikləri, günahsız qocalara, hamilə qadınlara, körpələrə verilən işgəncələrin dəhşətini onlardan müsahibələr alınaraq gələcək nəsillərə çatdırmalıdır. Əgər biz tariximizi, düşmənimizin mənfur xislətini unutsaq, gələcəkdə daha ağır faciələrlə rastlaşa bilərik. Müsahibim 80 gün erməni əsirliyində olmuş, erməni vəhşilərinin ən ağır, ən dəhşətli işgəncələrinə məruz qalmış Elbrus Abbasov oldu. Abbasov Elbrus Ələmdar oğlu 1970-ci ildə Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olmuşdur. Uşaq yaşlarında o ailəsi ilə birlikdə Xocalı şəhərinə köçüb.
Müsahibimə ilk sualım Xocalıda keçən uşaqlıq və gənclik illərinin hansı xatirələrlə onun yaddaşında qaldığını öyrənmək oldu.
- Dünyanın bəd üzündən xəbərim olmayan şən və xoşbəxt uşaq çağlarımda heç yuxuma da gəlməzdi ki, vaxt gələcək girovluqda olacağam və qayğılı günlərimə kölgə düşəcəkdir. 1987-ci ildə Xocalı şəhər 1 saylı tam orta məktəbində orta təhsilini başa vurmuşam. 1988-ci ildə hadisələr cərəyan edən vaxtı artıq mən hərbi xidmətə getmək yaşında idim. Hərbi xidmətə getməzdən əvvəl 7-8 ay erməni daşnaklarına qarşı mübarizə aparmışam. Sentyabrın 18-i 1988-ci ildə ermənilər Xankəndi istiqamətindən Xocalıya hücum edən zaman ayaq nahiyəmdən yaralandım. Oktyabrın axırına qədər Gəncə şəhərində müalicə aldım. Həmin ilin dekabr ayında hərbi xidmətə yollandım. Hərbi xidmətimi Uzaq Şərqdə, Rusiyanın Xabarovsk krayında yerinə yetirmişəm. Artıq mən hərbi xidmətdən qayıdanda Azərbaycanda vəziyyət daha da gərginləşmişdi. Qanlı Yanvar faciəsi törədilmişdi. Xocalı şəhəri isə bütün istiqamətlərdən mühasirəyə alınmışdı. Buna baxmayaraq, bütün əhalimiz gündüzlər işləyir, gecələr şəhərin müdafiəsində dayanırdılar. Faciə olana qədər Xocalı əhalisinin heç birində ruh düşkünlüyü yox idi. Lakin biz bilməzdik ki, o vaxtkı rəhbərlik Xocalıya biganə olacaqdır. Əsgəran rayonundan Xocalıya qədər olan avtomobil yolu 1 km idi. Bu yolun açılmasında heç bir iş görülmədi. Onun da nəticəsində 24 ildir göz yaşı ilə qeyd etdiyimiz Xocalı soyqırımı törədildi. - Sizdən Xocalı soyqırımının canlı şahidlərindən biri kimi gördüyünüz dəhşətli hadisələri və girovluq həyatınızda yaşadıqlarınızı oxucularımızla paylaşmağınızı xahiş edirəm.
- Soyqırım gecəsi mən postdan çıxıb evə gəlmişdim. Qəflətən atışma başladı. Elə bil yerlə göy birləşdi. Yarım saat başımızı evdən çölə çıxara bilmədik. Elə bu vaxt çöl qapı möhkəm döyüldü. Mən sürünə-sürümə gedib qapını açdım. Darvazanı açar-açmaz rayonumuzun indiki icra başçısı Şahmar Usubov mənə möhkəm və həyacanlı səslə dedi ki, niyə durmusunuz, ermənilər şəhərə giriblər. Həqiqətən, Şahmar müəllim xəbər verdiyi vaxtı ermənilər bizə çox yaxın idi. Mən atamı, anamı qohumlarla birlikdə şəhərdən uzaqlaşdırdım. Lakin hansı tərəfə qaçdıqsa, ermənilərin hücumuna məruz qaldıq. Yüzlərlə Xocalı sakini kimi Kətik dağına qalxmaq məcburiyyətində qaldıq. Əhali iki istiqamətə ayrılmışdı. Bir hissəsi Qarqarçay istiqamətində Ağdama tərəf, o biri hissəsi isə Kətik dağına tərəf üz tutduq. Həmin gecə gözümün şahidiyəm ki, neçə-neçə ayaqyalın çöllərə düşən qadın, uşaq, qoca donvurmadan həlak oldu. Ağbirçək qadınlar, qoca kişilər, körpə uşaqlar dərələlərə yuvarlanırdılar. Haraya gedib düşmələrindən xəbər olmurdu. Ani məqamda səslər kəsilirdi. Səhər açılanda hamı kimi mən də dönüb Xocalıya baxdım. Bütün şəhər, evimiz də alov içində idi. Şəhərin içində 30-40 BMP, BRDM tipli hərbi texnikalar hərlənirdi. Qurşağa qədər qar yağmışdı. Elə bir vəziyyət yarandı ki, yolu azdıq. Hansı tərəfə gedirdiksə, erməni kəndi ilə rastlaşırdıq. Təxminən 10-12 nəfər olardıq. Valideynlərim, əmim çox ağır vəziyyətdə idilər, yol yeriməyə taqətimiz qalmamışdı. İki gün idi ki ac və susuz idik. Şəhərimizin sakini Ağayev Səttarın kiçik oğlu soyuqdan və aclıqdan gözlərini yumdu. Həmin an onun anasının naləsi mən deyərdim ki, bütün ölkəni bürüdü. Ömrümün sonuna qədər gözümün qabağından o hadisə, ananın o fəryadı qulaqlarımdan getməyəcək. Bu iki gün ərzində 100 km-dən çox yol qət etdik. Ancaq hansı istiqamətdə getdiyimizi bilmirdik. Demək olar ki, meşənin hansı istiqamətində gedirdiksə orada Xocalı sakinlərinin meyitləri ilə, yolda qalan qocalarla, uşaqlarla rastlaşırdıq. Onların səsi bu illər ərzində qulağımdan getmir. Elə bilirəm ki, o dəhşətlər sanki bu gün olubdur. Fevralın 27-si gününün axşamı mən atamı və əmimi itirdim. Dağdan dərəyə yuvarlandıq. Həmin dərəni sürünə-sürünə çıxanda onları tapa bilmədim. Anamla bibimi əlimdən buraxmadım. Axşam saat 4-5 radələrində ermənilər bizi Ağbulaq kəndinin ətrafında mühasirəyə aldılar. 2 saata yaxın döyüşdükdən sonra silahı olan üç nəfərin gülləsi qurtardı. Mənim əlimdə qranat var idi, silahımı döyüş yoldaşıma vermişdim. Onlar avtomatı yerə atıb təslim olmağa qərar verdilər. Yaqub Məmmədov həmin hadisələrin canlı şahididir. Mən qranatı ermənilərə tərəf atmaq istədikdə məni arxadan kimsə möhkəm itələdi. Qranat açılmadan əlimdən düşdü. Hara düşdüyünü bilmədim. Özüm isə yuvarlana-yuvarlana ermənin ayağına getdim. Ayağa durmaq istərkən erməni avtomatın qundağı ilə məni vuraraq yerə sərdi. Sonra qollarımı bağlayıb ayağa qaldırdılar. Həmin yerdə hamımızı tərki-silah etdilər. Bizi başqa Xocalı sakinləri kimi Naxçıvanlı kəndinə gətirdilər. Orada bizi donuz fermasına saldılar. Fermanın içində çoxlu sayda Xocalı əsiri saxlanılırdı. Yaşar Əliməmmədov, şəhid qardaşı Faiq, nağaraçı Vəliyəddin, avtobazanın müdiri Kamil Məmmədov, 7 nəfər məhsəti türkü, qucağında əmimin 2 yaşlı nəvəsi ilə qohumum Nadir Hümbətov və başqaları orada idilər. Təxminən 2 saatdan sonra bizi fermadan çıxarıb ayrı kəndə, özlərinin dediyinə görə Dəhraz kəndinə apardılar. Yolda gedərkən Yaqub dayını 7-8 nəfər mülki erməni üstünə hücum çəkərək dayanmadan döydülər. Əlisilahlı ermənilər zorla Yaqub kişini onların əlindən aldılar. Bizi 30 metr uzunluğunda olan xeyir-şər evinə yığdılar. Həmin o yer ağzına qədər Xocalı camaatı ilə doldurulmuşdu. Girovların arasında itirdiyim atamı və əmimi gördüm. Bizi həmin gecə orada saxladılar. Axşam yemək üçün 250 - 300 nəfər qadın, uşaq, qocaya 1 vedrə çiy buğda verdilər. Təbii ki, bunu yemək olmazdı. Bu onların girovlara verdiyi bir növ mənəvi işgəncəsi idi. Girovların içərisində bizim çoxlu yaralılarımız var idi. Məmməd həkim olmasaydı, bir çox yaralımız dünyasını dəyişəcəkdi. Səhəri gün tezdən 19 nəfərdən başqa qalanlarını aparıb Ağdamın Abdal-Gülablı kəndi istiqamətində azad etdilər. Saxlanılan 19 nəfərin içərisində mən, Yaqub kişi, atam və əmim də var idi. Bundan sonra mənim girovluq həyatımın ən ağır günləri başladı. Bizi Xocalının içindən Xankəndinə apararkən yolda maşından düşürdülər. Hamımızı möhkəm döydükdən sonra məni bir nəfər erməni "Kamaz"a minməyə qoymadı. Mənim milis işçisi olduğumu hərbi biletimi göstərməklə sübuta yetirdi. Yenidən 3 erməni qulduru məni dayanmadan vəhşicəsinə döydü. Sonra isə təkcə məni "Jiquli" markalı maşına salıb Xankəndinə apardılar. Müsahibim dərindən nəfəs alaraq, başını sağa-sola yelləyərək, ağır və kədərli səslə: həmin günlər həyatımın ən ağır günləri idi, -dedi. Hərbi xidmətdən əvvəl Xankəndində işlədiyimə görə, erməni dilini başa düşürdüm. Məni döyən ermənilər maşına salarkən bir-birilərinə bunu aparaq Anjela xalanın oğlunun qəbrinin üstündə başını kəsək deyirdilər. Dediklərimi kimi etdilər. Məni həmin erməni qadınının evinə gətirdilər. Evin həyətinə girərkən qapını qara geyimli bir erməni qadını açdı. Qadın heç bir söz demədən mənə yaxınlaşdı. Üzümə sillələr vura-vura, mənim oğlumu niyə öldürmüsən dedi. Dediyinə görə, Şuşadan atılan mərmilərdən biri onun evinə düşərək oğlunu öldürmüşdü. Ona oğlunu mən öldürməmişəm dedim. Məni gətirən ermənilərdən biri həmin erməni qadınına dedi ki, bunu aparaq oğlunun qəbrinin üstündə başını kəsək. Erməni qadın isə onunla razılaşmayaraq məni aparıb erməni girovlarları dəyişməklərini istədi. Ermənilər hər zaman öz mənafelərini düşünüblər. Sonra məni Xankəndində bir binanın zirzəmisinə saldılar. Zirzəmidə tanıdığım xocalılardan üç nəfər - Həsən dayı, Hüseyn dayı və sonradan tanıdığım Yusif adında bir şəxs var idi. Bir həftə ərzində mənə ağlasığmaz işgəncələr verdilər. Daha sonra məni, Yusifi, Hüseyn dayını və Xocavənd rayonunun Qaradağlı kəndindən əsir düşmüş Əliyev Şəhruzu Xankəndində yerləşən rayon milis şöbəsinin təcridxanasına gətirdilər. Təcridxanadakı bütün kameralar Xocalı sakinləri ilə dolu idi. Ermənilərin dediyinə görə həmin vaxt təcridxanada 200-ə yaxın Xocalı sakini və 15-20 nəfər Qaradağlı sakini vardı. Bütün kameralarda əsirlərə bir-birindən ağır işgəncələr verirdilər. Birinci növbədə insan üçün ən çətin susuz qalmaqdır ki, bundan da məharətlə istifadə edirdilər. Kimin ağzında qızıl dişi vardı mismarla, kəlpətinlə çıxarırdılar. Heç kəsə aman verilmirdi. Dəmir parçaları, küt alətlər və armaturla əsirləri döyürdülər.
Bu minvalla iki aya yaxın hər gün, hər saat təcridxanada işgəncələrə məruz qaldım. İşgəncələrə tab gətirə bilməyib ölənlər də çox oldu. Mən olduğum kamerada Bakıdan bizə köməyə gəlmiş Elçin adlı bir "OMON" işgəncələrə tab gətirə bilməyib gözlərini əbədi yumdu. Üç gün ərzində kürəyimi onun meyitinə söykədim ki, soyuqdan donmayım. -
- Təcridxanada girovlara baxan ermənilər kamerada meyitin olduğunu bilirdilər?
- Bəli, əlbəttə ki, bilirdilər. Onun meyitini kameradan qəsd ilə gec çıxartdılar. Bu onların bizə verdiyi işgəncələrin bir növü idi.
- Erməni əsirliyindən necə azad olundunuz?
- Aprelin 25-də məni təcridxanadan çıxardıb bir erməninin evinə gətirdilər. May ayının 18-nə qədər məni həmin evin sahibinin oğlu ilə dəyişdirmək məqsədilə orada saxladılar. Ayın 18-də məni ev sahibinin oğlu və Ağdərədə yaşayan bir erməni ilə dəyişdirdilər. Ağır işgəncələrdən sonra mən əsirlikdən azad edildim...
Elbrus Abbasov müsahibənin əvvəlindən son cümləsinə qədər hər cümlənin başında dərindən nəfəs alaraq böyük ürək ağrısı ilə Xocalı soyqırımının təəssüratlarını, erməni quldurları tərəfindən gördüyü işgəncələri, xalqımızın başına gətirilən müsibətləri danışdı. Hər Xocalı sakini kimi Elbrus Abbasovun da ən müqəddəs arzusu Xocalıya qayıtmaq və düşmənlərdən günahsız insanların qisasının alınmasıdır.
Biz inanırıq ki, düşmən tapdağında qalan torpaqlarımız tezliklə azad ediləcək. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti və Aprel döyüşlərində ordumuzun düşmən üzərində böyük qələbəsi inamımızı möhkəmləndirir. Bizi qələbəyə yaxınlaşdıran ordumuzun gücü və xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyidir.
Qalib BƏYMƏMMƏDOĞLU